Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ, HƏYATA KEÇİRİLMƏSİ ÜSULLARI VƏ AĞIR NƏTİCƏLƏRİ

0

  •          “Xocalı soyqırımı” mövzusunun
    araşdırılmasının çox böyük elmi və siyasi əhəmiyyəti vardır. Azərbaycan
    xalqının Ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımının onuncu ildönümü
    ilə əlaqədar Azərbaycan xalqına müraciətindəki nitqi mövzunun ak­tuallığını şərtləndirmiş
    və fundamental şəkildə araşdırılmasını zəru­riləşdirmişdir. Həmin dərin məzmunlu
    nitqdə göstərilir: “...Bu gün Azərbaycan hökuməti və xalq qarşısında Xocalı
    soyqırımında ermənilərin törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu
    kimi, bütün miqyas və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş
    ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail
    olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq
    və insanlıq borcumuzdur. Digər tərəf­dən, faciənin əsl beynəlxalq hüquqi-siyasi
    qiymət alması, onun ideo­loqlarının, təşkilatçılarının və icraçılarının
    layiqincə cəzalan­dırıl­ması, bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar
    aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”. Bütün bunlar, tarixi sənədlərə,
    faktlara, Qarabağ müharibəsi iştirakçısı kimi şahidi olduğum məlumatlara əsaslanaraq
    Xocalı soyqırımının təhlili və tədqiqini, dünya ictimaiyyətinə çatdırılmasını əsaslandırmışdır.

    Fəsildə, Xocalı soyqırımının baş
    verdiyi tarixi şərait və həyata keçirilmə üsulları, səbəbləri faktlar və sənədlər
    əsasında, müqayisəli şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində bu qənaətə
    gəlinmişdir ki, Xocalı soyqırımını həyata keçirən təşkilatçının və sifarişçinin
    başlıca məqsədi xalqımızı müstəqillik yolundan döndərmək, onu yenidən öz təsir
    dairəsinə qaytarmaqdan ibarət olmuşdur. Bu soy­qırımda icraçı kimi iştirak edən
    ermənilərin əsas məqsədi Qarabağı və digər ərazilərimizi
    işğal etmək idi. Düşmənlər məqsədlərinə çat­maq üçün
    xalqımıza qarşı görünməmiş vəhşiliklərlə, insanlığa yaraş­mayan üsullarla dəhşətli
    soyqırımı həyata keçirmişlər. Bunun nəti­cəsində torpaqlarımızın bir hissəsi
    işğal olunmuş, minlərlə azər­baycanlı qətlə yetirilmişdir. Ancaq düşmənlərin
    xalqımızı qorxutmaq və onu müstəqillik idealların­dan uzaqlaşdırmaq cəhdi baş
    tut­ma­mışdır.

    Fəsil yazılarkən Heydər Əliyevin “Xocalı
    soyqırımının onuncu ildönümü ilə bağlı Azərbaycan xalqına müraciəti”ndən, İlham Əliyevin “Bəşəriyyətə
    qarşı ən ağır cinayətlərdən olan Xocalı soy­qırımı Azərbaycan xalqının qan
    yaddaşından silinməyəcək” Akade­mik Y.Mahmudovun “Xocalı soyqırımını və
    erməni vəhşiliklərini bütün dünyaya çatdırmalıyıq”, “Xocalını unutma”,
    professor O.Sultanovun “Xocalı soyqırımına aparan yol-hakimiyyət hərisliyi və cinayətkar
    səhlənkarlıq”, Ş.Ş.Usubovun “Xocalı rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafın
    yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr”; K.M.Məmmədovun “Xocalı
    soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar”, “Xocalı soyqırımı”;
    t.e.d. Q.hacıyevin “Xocalı faciəsi
    Ermənistanın Azərbaycana qarşı torpaq iddialarının nəticəsidir”, t.e.d. Boran
    Əzizin “Xocalı soyqırımı” Z.Sultanovun “Xocalı faciəsi”, Q.Qırxqızılının “Əsrin
    faciəsi – Xocalı”, N.Yaqub­lunun “Xocalı qırğını”, S.Müslümqızının “Qar üstünə
    qan yağırdı”, H.Məmmədovanın “Xocalı. Şəhidlər, şahidlər”, «Ходжалы. Хрони­ка
    геноцида», «Ходжалинский геноцид. Фонд Г.Адиева» M.Şü­kürovun “Xocalı: Daş
    yaddaşı, qan yaddaşı” R.Ağahüseynlinin “Xo­calı soyqırımı”, Z.Sultanovun
    “Qarabağın qara günləri”, E.Əhmə­dovun “Ermənistanın Azərbaycana təcavüzü” və digər
    əsərlərdən bəhrələnmişik.

    Xocalı qətliamının həyata keçirilməsi
    üsulları və nəticələrini təhlil etməzdən öncə soyqırımı doğuran səbəblərə
    aydınlıq gətirmək yerinə düşərdi. Belə ki, əzablı, çətin milli mübarizə nəticəsində,
    1991-ci ildə dövlətimiz yenidən müstəqilliyini bərqərar etdi. Xocalı faciəsi
    müstəqilliyimizə qarşı yönəldilmiş, məqsədli bir plan idi. Hər bir hadisəyə
    doğru-düzgün qiymət verən dünya siyasətçisi Heydər Əliyev çıxışlarından birində
    məsələyə belə münasibət bildirmişdir: “Xocalı faciəsi təsadüfi
    hadisə deyildi. Dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı
    qorxutmaq, mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi
    ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata
    bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğ­runda mübarizədə
    daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi”.

    Qərb dövlətlərindən,
    Rəsmi Moskvadan dəstək alan mənfur siyasət sahibləri olan ermənilər çirkin
    “Böyük Ermənistan” ideya­larını reallaşdırmaq üçün fürsəti əldən verməməyi qərara
    aldılar. Məkirli və bədnam siyasətlərini həyata keçirmək üçün erməni lob­bisindən
    hərtərəfli yararlanan bədnam “qonşularımız” məqsəd­lərinə çatmaq üçün türkə
    qarşı terrorun bütün vasitələrindən istifadə etməyə başladılar. 1995-ci il
    fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı
    soyqırımının üçüncü ildönümü ilə əlaqədar
    Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki, “xaricdəki imperiyapərəst
    qüvvələrin dəstəyi ilə törədilən bu soyqırımı erməni qəsbkarlarının müstəqil Azərbaycan
    dövlətinə qarşı yeritdiyi məqsədyönlü təcavüz planının ən amansız həlqəsi,
    misli görünməmiş vəhşilik aktı, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa
    qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə daxil olmuşdur. Azərbaycan
    Prezidenti vurğulamışdır ki, günahsız dinc əhaliyə tutulmuş amansız divan,
    ağlasığmaz qəddarlıq erməni irti­casının və onun xaricdəki havadarlarının iç
    üzünü beynəlxalq icti­maiyyət qarşısında bütünlüklə açıqladı”.

    XX yüzilliyin 80-ci illərinin sonunda
    dünyada və o cümlədən SSRİ-də baş verən
    ictimai-siyasi proseslər nəticəsində sosializm sis­temi iflasa
    uğradı. SSRİ dünyada oynadığı hegemon rolunu itirməyə başladı. Belə bir vaxtda
    digər amillərlə yanaşı, sovet imperiyasına qarşı, ərazisi ruslar tərəfindən
    işğal edilərək zorla bu dövlətə bir­ləşdirilən xalqlar tərəfindən başlanılan
    milli-azadlıq hərəkatı sovetlər
    birliyinin çökməsini sürətləndirdi və bu proses sonda öz siyasi nəticəsini
    verdi. Xalqımızın illərlə, uğrunda mübarizə apardığı müs­təqillik arzusu gerçəkliyə
    çevrildi. Lakin, SSRİ süqut etdikdən sonra müstəqil milli dövlət
    quruculuğu dövrünə qədəm qoyan Azərbay­canın vəziyyəti, həm götürdüyü xarici
    siyasi kurs, həm də 1988-ci ildən başlayan erməni təcavüzü nəticəsində
    xeyli ağırlaşdı.

    Qeyd edək ki, milli azadlıq hərəkatının
    gücləndiyi ərəfədə Azər­baycanın Dağlıq Qarabağ bölgəsində Moskvanın və erməni
    lob­bisinin təhriki ilə ərazimizin bir hissəsinin qoparılması istiqamətində fəaliyyət
    planı işə düşdü. Münaqişənin ilkin vaxtlarında Moskva, DQMV-nin nə Ermənistana
    birləşdirilməsinə, nə də Azərbay­canın tərkibində qalmasına aid qəti bir qərar
    qəbul etmədi. Bunu, o dövrdə Sov.İKP MK-nın Dağlıq Qarabağ haqqındakı qərarlarında,
    Sov.İKP MK-nın Baş Katibi M.Qorbaçovun 1988-ci il 26 fevral çıxışında da görmək
    mümkündür. İlkin baxışda belə təəssürat yaranır ki, Baş Katibin SSRİ-nin milli-ərazi
    quruculuğu prinsipləri haqqında kifayət qədər aydın mövqeyi, məlumatı yoxdur.
    Ancaq, hadisələrin sonrakı gedişi və təhlili göstərir ki, M.Qorbaçov düşünülmüş, dəqiq plan əsasında fəaliyyət göstərmişdi. SSRİ-də
    milli münaqişələrin qızış­ması yönündə edilən hərəkətlərə qarşı, mərkəz tərəfindən
    heç bir tədbir görülmürdü. Problemlə bağlı apardığımız tədqiqat və hadisə­lərin
    müqayisəli təhlili bunun iki başlıca səbəbinin olduğunu gös­tərir.
    Bu səbəblər eyni zamanda baş verən, bir-birilə bağlı
    olan proseslər olmuşdur. Bunlardan birincisi – SSRİ-nin rəhbərliyinə daxil olan
    adamların əksəriyyəti milli münaqişələr vasitəsilə Sovet imperiyasının
    bütövlüyünü qoruyub saxlamaq niyyətində idi. Onlar əzəli Azərbaycan
    torpağı olan Qarabağı ermənilərə vəd etməklə erməni-Azərbaycan müharibəsinə
    start vermiş oldular. Bu yolla ruslar həm Azərbaycanı, həm də erməniləri əllərində
    saxlamağı düşünürdülər. Ölkəmizin müstəqillik uğrunda mübarizəyə qalxması və
    suverenliyini elan etməsi Qarabağın işğalına təkan verdi. Rus-erməni birgə
    işğalı Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kiçik məntəqələrindən başlandı.

    Xüsusi olaraq qeyd olunmalıdır ki, XX
    yüzillik ərzində Rusiya iqtisadi-siyasi cəhət­dən zəiflədikcə laxlayan
    imperiyanın bütövlüyünü qoruyub saxlamaq üçün bir neçə dəfə milli münaqişələr,
    qırğınlar törətmək siyasətindən “uğurla” istifadə etmişdir. Xalqımız bu siyasətin
    ağrı-acısını bir neçə dəfə - 1905-1907, 1917-1920 və 1948-1953-cü illərdə
    dadmışdır. Çar və sovet Rusiyası “parçala, hökm sür” siyasəti həyata keçirməklə
    xalqları, o cümlədən azər­bay­canlıları əsarət altında saxlamaq, onları
    milli-azadlıq mübarizəsindən yayındırmaq, Rusiya əsarətindən qurtarmaq niyyətindən
    uzaqlaş­dırmaq siyasəti yeritmişdir.

    Avropada və Amerikada ermənilərin
    separatçı hərəkətləri “yeni­dənqurmanın” ilk dövrlərində demokratiya, insan haqları
    uğrunda mübarizə adı altında mütərəqqi, sovet totalitarizminə qarşı çıxan qüvvə
    kimi müdafiə və təbliğ olunmağa başlandı. Öz torpaqlarını müdafiə edən,
    separatizmin əleyhinə olan Azərbaycan xalqı isə guya SSRİ-ni qoruyub saxlamaq
    istəyən mühafizəkar, dindar, islam fundametalistləri kimi təqdim edildi. Ermənilərin
    Xocalını əsas hədəflərdən biri kimi seçməsi təsadüfi deyildi; Düşmən Xocalını
    işğal etməklə bir sıra məqsədlər güdürdü. Belə ki, Dağlıq Qarabağ regionunun
    digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlük qazanmaq; Regionda yeganə
    mülki hava limanına malik olan mühüm kommunikasiya mərkəzini ələ keçirmək;
    Xocalıda törədilən soy­qırımı ilə psixoloji üstünlük əldə etmək və azərbaycanlıların
    iradəsini qırmaq; Xocalıda və ətraf ərazilərdə olan tarixi izlər onların ərazi
    iddialarını puça çıxartdığı üçün bu şəhəri yer üzündən silmək.

    Dağlıq
    Qarabağdakı hadisələr müstəqilliyimizin əleyhinə yönəlmişdir və Xocalı
    soyqırımı da həmin prosesin kulminasiya nöqtəsi idi. Bu, əslində xalqımızın
    müstəqillik mübarizəsinin məhv olması üçün hazırlanmış ssenari olsa da, bu
    ssenarinin həyata keçirilməsində alət rolunu oynayan ermənilər, mənfur “planı” soyqırımı kimi həyata keçirdilər.

    Beləliklə,
    ermənilər Qarabağın dağlıq ərazisinin bir hissəsindən ibarət olan Dağlıq
    Qarabağı coğrafi anlam kimi deyil, siyasi termin kimi irəli atmaqla onu ələ
    keçirmək uğrunda mübarizəyə başladılar.

    Dağlıq Qarabağ bölgəsinin erməniləri Azərbaycan
    dövlətində yaşayan milli azlıqlardan biridir və bu baxımdan ermənilərin öz müqəddəratını
    təyinetmə hüququnu bəhanə edərək bu torpaqların Ermənistana birləşdirilməsi
    üçün atdığı bütün addımlar beynəlxalq hüquq normalarının kobud şəkildə
    pozulması deməkdir.

    Prezident
    İlham Əliyev çıxışlarından birində göstərmişdir ki, Sov. İKP və Sovet hökumətinin
    rəhbərliyi SSRİ-nin süqutunun qar­şısını almaq, imperiyanın ərazi bütövlüyünü
    qorumaq və əhalinin diqqətini mühüm məsələlərdən yayındırmaq üçün
    respublikalarda milli qarşıdurma yaratdı”.

    Məhz, Moskvanın xeyir-duası ilə Dağlıq
    Qarabağ Muxtar Vila­yətinin erməniləri arasında Ermənistanla birləşmək uğrunda
    “Miat­sum” (birləşmə) hərəkatı başlandı. Vilayətdə uzun müddət gizli fəa­liy­yət
    göstərən, Ermənistanda yaradılmış “Qarabağ Komitəsinin” bir qolu olan “Krunk”
    (“Durna”) adlı cəmiyyət açıq mübarizəyə keçdi.

    Ermənistanda dövlət səviyyəsində gizli
    dəstələr yaradıldı. 1988-ci il fevralın 19-da Yerevandakı “Ermənistanda ermənilər
    yaşama­lıdırlar”, “Ermənistanı türklərdən təmizləməli” kimi antitürk şüar­larla
    mitinqlər keçirildi. Vilayətin şovinist ruhlu erməniləri də onlar­dan geri
    qalmadı, mitinqlərə başladı. 1988-ci il fevralın 20-də DQMV-i sovetinin
    deputatları, vilayətin Azərbaycan SSR-in tərki­bindən çıxarılıb Ermənistan SSR-ə
    verilməsi qərarına səs verdilər. Qeyd edək ki, vilayət sovetinin azərbaycanlı
    deputatları bu səsver­mədə iştirak etməkdən imtina etdilər. Vilayət sovetinin
    erməni deputatları Moskva, Bakı və Yerevan Ali Sovetlərinə “müraciət” göndərdilər.
    1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti “DQMV-i sovetinin Ermənistana
    birləşdirmək” qərarına razılıq verdi. Bu, bir tərəfdən SSRİ-nin milli-ərazi
    quruluşu prinsiplərinə zidd idi, digər tərəfdən Azərbaycanın ərazi bütövlüyünə
    kobudcasına qəsd idi.

    Ermənistan parlamenti 1989-cu il
    dekabrın 10-da “Dağlıq Qara­bağın Ermənis­tana birləşdirilməsi”, yəni qonşu
    dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haq­qında heç bir hüquqi əsası
    olmayan qərar qəbul etdi. Bu, əslində Azərbaycanın ərazi bütövlüyünə və
    suverenliyinə qəsd idi və münasibətləri daha da kəskinləşdirdi.

    Dağlıq
    Qarabağda yaşayan, terrorçuluq və separatçılıq mövqe­yində
    dayanan ermənilərə Ermənistana birləşməyin zəruri olduğu ideyasını qəbul etdirən Ermənistan Respublikası
    Rusiyadakı himayə­darlarının havadarlığı ilə Azərbaycan ərazisinə hərbi qüvvə
    gön­dərərək açıq təcavüzə başladılar.

    Acınacaqlı hal orasında idi ki, belə
    vaxtda Azər­baycana rəhbərlik edənlərin problemi həll etmək üçün konseptual
    yanaşması, aydın, düşünülmüş proqramı yox idi.

    Sovetlər Birliyinin dağılmasının
    mümkünlüyünə inanmayan o zamankı Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ qondarma
    prob­leminin həllində Moskvaya hədsiz inam və ümid bəsləyirdi və bu özünü
    doğrultmadı. Moskvadan asılı siyasət yürüdərək milli ordunun
    yaradılmasına nail olmayan Azərbaycan rəhbərliyindən fərqli olaraq Ermənistan
    öz ərazisindəki keçmiş 7-ci sovet ordusunun bazasında güclü ordu yarada
    bilmişdi. Sovet ordusundan həm texnika, həm də canlı qüvvə köməyi alan ermənilərin
    Dağlıq Qarabağda və Ermənistanla sərhəd bölgələrdə artan təcavüzünün qarşısını
    almaq getdikcə çətinləşirdi.

    Rusiya
    SSRİ dağıldıqdan sonra keçmiş sovetlər birliyi ərazisində öz hegemon­luğunu
    saxlamaq üçün Müstəqil Dövlətlər Birliyi ideyasını ortaya atdı. Azərbaycan bu birliyə daxil olmağa tələsmədi,
    bunu xeyli götür-qoy etdi. Ermənistan isə əksinə, dərhal oraya üzv oldu.
    Bununla da, onlar Rusiyanın timsalında özlərinə təkrar və həm də güclü havadar
    tapdılar.

    Dağlıq
    Qarabağ problemini ortaya atmaqla Ermənistan vasitə­silə Azərbay­cana təzyiq edən
    Rusiyanın bu siyasəti erməni təca­vüzkarlarını həm şirnikləndirdi, həm də gücləndirdi.

    Ermənilər
    eyni vaxtda həm DQMV-nin içərisində yaşayan azər­baycanlılarla, həm də sərhədyanı
    rayonlarda mübarizə apar­mağın çətinliyini bildiyindən əvvəlcə Vilayətin içərisindəki
    azərbaycanlılar yaşayan məntəqələri zəbt etmək taktikasını seçdilər.

    Ancaq
    istər ermənilər, istərsə onlar üçün planı hazırlayan Moskva, istərsə də ermənilərin
    Avropa və Amerikadakı havadarları başa düşürdülər ki, Ermənistan ərazisində azərbay­canlılar
    yaşadığı dövrdə bu planı reallaşdırmaq mümkün deyil. Bu səbəbdən öncə azərbaycanlılar
    Ermənistandan – öz ata-baba torpaqlarından, əzəli yurd­­larından qovulmalı idi.

    Rusiyadan
    kömək alan ermənilər azərbaycanlılar yaşayan kənd­ləri, şəhərləri zəbt etmək,
    onların daimi sakinlərini sıxışdırıb qov­maq, yaxud qətlə yetirməklə Dağlıq
    Qarabağı Ermənistana birləş­dirmək, bu baş tutmasa müstəqillik əldə etmək niyyətində
    idilər.

    1991-ci ilin payızında Rusiya və Ermənistan
    arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə
    bağlan­ması Rusiyaya, DQMV-də yaşayan erməniləri Azərbaycana qarşı açıq-aşkar
    silahlandırmaq imkanı verdi. Bu özünü çox gözlətmədi. Belə ki, 1991-ci ilin
    noyabr ayının 20-də içərisində Azərbaycanın dövlət və hökumət rəhbərliyinə
    daxil olan şəxslərlə bərabər SSRİ Müdafiə Nazirliyinin, Rusiya və Qazaxıstanın
    müşahidəçilərini Xoca­vənddə yaşayan azərbaycanlıların qətlə yetirilməsini
    araşdır­mağa gedən adamların olduğu vertolyot erməni terrorçularının atəşi nəticəsində
    məhv edildi. Bu terror aktı nəticəsində 22 nəfər faciəli şəkildə həlak oldu.
    Bundan sonra Dağlıq Qarabağdakı azərbay­canlılar yaşayan əraziyə erməni
    terrorçularının hücumları daha da gücləndi. Füzuli rayonunun Arış, Cuvarlı, Çimən,
    Xələfşah, Axullu, Goranboy rayonunun Şəfəq, Zeyvə və digər kəndlərinə erməni
    basqınları nəticəsində xeyli ziyan vuruldu, onlarla ev viran edildi ölən və
    yaralananlar oldu.

    1991-ci ilin dekabr ayının 23-də 500 nəfərlik
    erməni qoşunu Xankəndində yerləşən 366-cı rus alayının əsgərləri və hərbi
    texnikası ilə birlikdə Dağlıq Qarabağın Meşəli kəndini tam mühasirəyə aldılar. Kəndi
    qoruyan könüllü döyüşçülərin və onlara köməyə gələn Xocalı, Kosalar və Qaragav könüllü
    özünümüdafiə dəstələrinin üzvlərinin qəhrəmancasına müqa­vimətinə baxmayaraq, kənd
    işğal edilib yerlə yeksan edildi.

    Həmin döyüşlərdə ermənilər dinc sakinlərdən
    27 nəfəri öldür­müş, 15 nəfərdən çox adamı ağır yaralamışdılar. Öldürülənlər
    ara­sında azyaşlı məktəbli və 75 yaşlı qoca da var idi. Öldürülənlərin 11 nəfərinə
    ermənilər od vurub yandırmışdı. Sonralar kəndin müda­fiəçilərindən olan Faiq
    Ağayev göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
    adına layiq görülmüşdür.

    Ümumiyyətə, Qarabağ hadisəsi
    başlanandan 1991-ci ilin noyabr ayna qədər Ermənistan silahlı birləşmələrinin
    hücumu nəticəsində, azərbaycanlılarla ermənilər arasında 2559 toqquşma, 318
    silahlı basqın, 1388 dəfə ermənilər tərəfdən atəşə tutma halları qeydə alınmış,
    1318 nəfər azərbaycanlı yaralanmışdırlar. Azərbaycanlılara məxsus 1134 ev və
    119 digər obyekt dağıdılmışdır.

    Belə bir şəraitdə MDB
    Silahlı Qüvvələrinə məxsus olan 4-cü ordunun 23-cü Gəncə diviziyasının Xankəndindəki
    366-cı alayın bütün hərbi texnikası və sursatının ermənilərin əlinə keçməsi
    gündən-günə reallaşırdı. Qeyd edək ki, bu alay hələ 1985-ci ildə Gəncədən Xankəndinə
    köçürülmüşdü. Ştat üzrə 1800 hərbi qulluqçusu, 100-ə yaxın hərbi texnikası var
    idi. MDB Silahlı Qüvvələrinin Quru qoşunlarının
    Baş Qərargahının rəisi general-leytenant Ter-Qriqoryants da milliyyətcə erməni
    idi və o da erməni terrorçularına kömək edirdi. 366-cı alayda xidmətdə olan
    zabit və gizirlərin 50-dən artığının erməni olması və eyni zamanda bir çox
    başqa millətlərdən olan zabitlərin də onların tərəfində olması vəziy­yəti çətinləşdirirdi.
    1991-ci ilin yayından polkun komandiri təyin edilmiş polkovnik Zaviqorovun erməni
    terrorçularının tərəfini saxlaması da azərbaycanlıların işini pisləşdirdi,
    1992-ci il yanvar ayının 12-13-də Xankəndindəki 366-cı alayda hərbi xidmət keçən
    əslən Özbəkistan və Türkmənis­tandan olan yeddi nəfər əsgər qaç­araq Xocalıya gəlmişdilər
    Onlar bildirmişdilər ki, ordunun rəhbərliyi nəinki silahların, texnikanın bir
    hissəsini erməni yaraqlılarına verir, həm də əsgərləri azərbaycanlılara qarşı
    atəş açmağa məcbur edir. Bu alayda hərbi xidmətdə olan milliyətcə rus,
    ukraynalı, moldavan əsgərlərdən də qaçanlar var idi. Həmin əsgərlərin də getməyə
    başqa yerləri olmadığı üçün onlar da Xocalı şəhərinə pənah gətirmişdilər və şəhər
    işğal olunduğu zaman yerli əhali ilə birlikldə Xocalını tərk etmiş, hətta bəziləri
    həlak olmuşlar. Onların qaçma səbəblərinə aydınlıq gətirən ifadələri 366-cı alayın
    qətliamdakı rolunu öyrənmək baxımından çox əhəmiyyətlidir. Məsələn, alayın
    sıravi əsgəri Yuri Şvelyov deyirdi ki, “Alayda tam azğınlıq hökm sürür. Zabitlərin üçdə bir hissəsi
    ermənilərdir. Bəzən onlar əsgərləri və sürücü mexanikləri məcbur edirlər ki,
    zirehli maşınları hissənin ərazisindən çıxarıb quldurların döyüş mövqeyinə gətirsinlər.
    Sonra da özləri azərbaycanlılar yaşayan kəndlərə atəş açırlar”. Yaxud alayın
    başqa bir sıravi əsgəri Yuri Yakoviç bildirirdi ki, “Bizə
    hər gün xristianlığımızı xatırladır, buna görə də müsəl­manlara qarşı vuruşmağa
    borclu olduğumuzu aşılayırdılar. Biz dörd əsgər buna dözməyib alayı tərk
    etdik”.
    Bundan başqa 366-cı alayda xidmət edərək, oradan qaçmış baş
    serjant Aleksey Melnikov, serjant Dmitri Çarıyev, sıravi əsgərlər Aleksandr
    Boldov, Oleq Makovski və Əlişir Yeqamqulov Bakı şəhərində mətbuat konfransı
    keçirərək ordunu tərk etmələrinin səbəbini izah etdilər. A.Melnikov qaçma­larının
    səbəblərindən bəhs edərkən şahidi olduğu hadisələri qətiyyən gizlətmək fikrində
    olduğunu bildirib deyirdi: “Ordudan tərxis olun­mağımıza cəmi beş-altı gün
    qalırdı. Fevralın 13-də rotaya yenicə təyin olunmuş komandirimiz bildirdi ki, “əgər
    pul qazanmaq istə­mirsinizsə, evinizə qayıda bilərsiniz. Hansı yolla pul qazana
    bilə­cəyimizi soruşarkən dedi ki, yaxın günlərdə irimiqyaslı döyüş əmə­liy­yatı
    gözlənilir, türkləri qırmaq lazım gələcək. Təbii ki, müəyyən risk olacaq. Yəni
    heç kim heç kəsə havayı pul verməyəcək”.

    “Doğrusu bu sözlərdən mənim tüküm ürpəşdi.
    Canlı insanı, bəlkə də dinc adamları öldürməyə görə pulla şirnikləndirmək! İy­rənc,
    ağlasığmaz vəhşilik!!! Bizi muzdla qatillərə çevirmək istəyir­dilər!

    Əslində, bizim rota silah anbarını
    qoruyurdu. Lakin necə qoru­yurdu?! Erməni zabitlər istədikləri vaxt həmin
    silahları döyüş mövqelərinə çıxarır, azərbaycanlılar yaşayan kəndləri atəşə
    tutur­dular. Biz, indi burada gördüyünüz əsgərlər həmin qanlı cinayətlərdə
    bilavasitə iştirak etməsək də, müqavimət göstərməkdə də aciz idik.
    Özbaşınalığın tüğyan etdiyi alayda bəyənilməyən sözə görə amansız cəza hazır
    idi. Hətta məhkəməsiz, filansız güllələyərdilər də.

    Doğrusu nə üçün orduda qaldığımızı
    bilmirdik. İki respublika­nın daxili işlərinə qarışmaq çoxumuzun ürəyincə
    deyildi”.

    Biz, altı nəfər əsgər əvvəlcə meşə yolu
    ilə, böyük çətinliklə, əzab-əziyyətlə Ağdama gəlib çıxa bildik. Oradan
    avtobusla Gəncəyə gəldik. Lakin, üstümüzdə heç bir sənəd olmadığına görə evimizə
    uça bilmədik. Oradan Azərbaycan Respublikası Milli Ordusunun rəh­bərləri köməklik
    göstərdilər. Lazımi sənədlər verib qatarla Bakıya yolladılar. İndi ən böyük
    arzumuz doğma ocağa qayıtmaqdır. Ara­mız­da rus da var, moldavan da, tatar da,
    özbək də. Heç birimiz qan tökülməsinin tərəfdarı deyilik. Bütün Azərbaycan
    xalqına haqq işin­də uğurlar arzulayırıq”.

    “Nə geyimimizə, nə yeməyimizə, nə də
    dincəlməyimizə diqqət yetirən var. Hərdən lap quru yerdə yatırıq... Ermənilər
    alaya gəlib tut arağı satırlar. Pul hardan idi içki alaydıq? Kim nə çırpışdıra
    bildi, - ya patrona, ya avtomata, ya da qumbaraya dəyişirdi arağı. Zabitdən
    tutmuş sıravi əsgərlərədək hamı sərxoş gəzir. Dava-dalaşsız gün olmur”.

    Pavel Zuyev, Aleksey Bondarev və Pavel
    Natikinin dedikləri: “Erməni zabitləri hamını azərbaycanlılarla döyüşə məcbur
    edirlər. Əmrə tabe olmayanlar yerindəcə güllələnir. Kim bacarırsa başını götürüb
    qaçır. Bir dəfə 12 nəfər öz aramızda sözləşib ağ bayrağı əlimizə, aldıq və
    qaçdıq. Ağdərə tərəfdə bizi atəşə tutdular. Ağdama yalnız 6 nəfər sağ-salamat
    çata bildi”.

    Dəqiq faktlar əsasında deyə bilərik ki,
    alayın döyüş texnikası, şəxsi heyəti tez-tez erməni quldurlarının “xahişini”
    yerinə yetirirdi. Həm də bu zaman xüsusi haqq-hesab sistemi, yəni rüşvət alma
    mexanizmi mövcud olmuşdu. Məsələn, ZTR-in azərbaycanlılara qar­şı döyüş əməliyyatında
    iştirakına görə komandirə 5 min rubl, atəşə tutmaya görə min rubl və 20 litr spirt
    və digər ərzaqlar verilirdi.

    Xocalı soyqırımı zamanı 366-cı
    motoatıcı alayın xüsusi şöbə­sinin (№02270) rəisi olmuş Rusiya Federasiyasının
    Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Romanoviç Savelyevin məlumatları
    isə daha tükürpədicidir. O, Xocalı soyqırımı ərəfəsi və günlərində 366-cı
    alayda baş verənləri, erməni və rus əsgərlərinin hərəkət­ləri, Azərbaycandakı
    ictimai-siyasi vəziyyəti Kremlə, müdafiə Nazirli­yinə, Baş Kəşfiyyat İdarəsinin
    generallarına 19 səhifəlik məxfi məlumat – arayış göndərməklə bildirmişdi. Xidməti
    vəzifəsi ilə əlaqə­dar hadisələrin ən qaynar yerlərində olan, dəqiq məlumatlara
    malik polkovnik proseslərin canlı şahidi olmuşdur. O yazır ki, “mayor Aşin
    Simonyan 26 nəfərlik dəstəsi ilə Xankəndinə gəldikdən sonra 366-cı alayın içərisində
    asanlıqla öz dayaqlarını qura bildilər. Polkovnik Yevgeni Zaviqarova nağd 36
    min ABŞ dollarını tanışlıq üçün “hədiyyə” etdilər. Məlumata görə, 23-cü
    diviziyanın komandiri general-mayor Boris Budeykin polkovnik Zaviqarovu buna
    görə ittiham edib”.

    Polkovnik V.Savelyev bu alayın ermənilər
    tərəfindən azərbay­canlılara qarşı döyüşlərdə iştirakı barədə yazır: “Əslində
    millət­lər­arası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin prob­lemlər
    daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyat­larda alayın er­mənilərin tərəfinə
    keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi
    artıq siyasi əhəmiyyət daşı­yırdı.... Polkovnik Zaviqarov və başqa vəzifəli şəxslər
    Xocalı isti­qamətindəki döyüş nöqtələrini ləğv etmək
    haqqında ordu və dairə komandanlığının rəsmi icazəsi ilə Xocalı istiqamətində
    gedən əmə­liyyatlarda ermənilərlə birləşdi. Nəticədə bir gün ərzində
    49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi... Qərargah rəisi, pol­kovnik-leytenant
    Sergey Kraumnin, birinci motoatıcı batalyonun komandiri, polkovnik Arkadi
    Moiseyev, ikinci batalyonun komandiri mayor Serj Ohanvan, üçüncü batalyonun
    komandiri mayor Qavril Nabokix, kapitan İshaq Lixodyan... ayrı-seçkilik edir.
    Dinc əhalini zonalardan uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul olurdular.
    Köçürmə zamanı 58 nəfər azərbaycanlı öldürüldü”.

    Onu da qeyd edək ki, azərbaycanlılara
    qarşı əməliyyatlarda DQMV-də yerləşən ruslara məxsus digər batalyonlar da
    yaxından iştirak etmişdilər. Onlar belə əməliyyat­larda “yuxarıların tapşırığı”
    ilə yanaşı, həm də ermənilərlə də sövdələşərək pul qazanırdılar. Məsələn, “Xankəndi
    şəhərindəki 463-cü Əlahiddə Kimyəvi-müha­fizə batalyonu
    və 909-cu Əlahiddə Kəşfiyyat batalyonunun döyüş planları ilə bağlı, ermənilər
    tərəfindən vuruşması barədəki əmrin qiyməti 18 min dollar idi”.

    Faktların, sənədlərin
    və bu məsələ barəsində müxtəlif ölkələrdə çapdan çıxan yazıların təhlili göstərir
    ki, ermənilərə Avropa ölkə­lərindən də, xüsusilə Fransadan müntəzəm silah,
    sursat, ərzaq və s., göndərilmişdir. Məsələn, onlarca belə yazıların birində
    göstərilir: “... Üstəlik Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd
    gül­lə, 460 ədəd zirehli jilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz
    cüt ayaqqabı, 146 ədəd tapança... ermənilərin istifadəsinə verildi. Amerikada
    istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə pay­landı”.

    Bundan əlavə 366-cı alayın nəzdinə
    “Klukin erməni cəbhəsi” deyilən “rota” yaradılmışdı. Bu rotanın özəyini Livan,
    Amerika, Kanada, İran, İsveç və Hollandiya­dakı... erməni quldur birləşmələri təşkil
    edirdi. 1988-ci il fevralın 17-də qızlardan ibarət “Şuşanik” adlı erməni
    snayperçilər dəstəsi həmin birləşməyə qoşulmuşdu. Düşün­cələrində türk düşmənçiliyi
    hopdurulan, insan idrakından uzaq olan “Şuşanik” snayperçiləri Livandan gətirilmiş
    muzdlu qatillər idi. “Klu­kin
    erməni cəbhəsi”nə quldur, cani Xaçik Vartanyan rəhbərlik edirdi. Ümumiyyətlə,
    tarixə nəzər saldığımız zaman erməni millətçilərinin öz niyyətlərinə çatmaq
    üçün həlledici qüvvəyə sahib olan şəxslərdi ələ almaq məqsədilə ən müxtəlif nanəcib
    üsullardan istifadə etdiklərini, hətta öz qadınlarını belə satmaqdan çəkinmədiklərini,
    SSRİ dövründə bir çox yüksək vəzifəli şəxslərin katibələrinin məhz erməni millətindən
    olmalarını görərik.

    Qeyd edək ki, erməni millətçi-şovinistlərinin
    hazırladıqları əməliyyatlar “Haydad” və “ASALA” terror təşkilatları ilə birgə
    icra olunurdu.

    SSRİ-nin, sonralar isə MDB-nin IV
    ordusunun 23-cü divizi­yasının Xankən­dində yerləşən 366-cı motoatıcı alayının
    hərbi tex­nikasından Xocalıya qarşı istifadə ediləcəyi barədə respublika rəh­bərliyinə
    xəbər verilmişdi. Ona görə respublika rəhbərliyi, ictimaiy­yəti IV Ordunun
    komandanı general Popovdan bunun ən qısa müddətdə qarşısını almağı tələb etdilər.
    Hətta alayın çıxarılma müddəti də - 1 mart 1992-ci il müəyyən edilmişdi. Lakin
    bunun heç bir xeyri olmadı. Əksinə, alayın qulluqçuları texnikanı ermənilərə
    satmaq işini daha da artırdılar. Məsələn, respublika təhlükəsizlik xidməti
    radio dalğa tutanların
    ratsiya ilə danışan 366-cı alayın 13-cü və 53-cü hərbi qulluqçusunun silah
    alveri ilə əlaqədar bir milyon barədə mübahisəsinə dair qeyd etdiyi “Gələndə
    demişdin ki, bizim üçün bir milyon pul saxlamalısan. Bilmirəm milyondur, milyon
    deyil, amma yarısı bizimdir” sözləri bunu bir daha təsdiq edir.

    Qeyd edək ki, ermənilər silah-sursatı
    rüşvət və ya oğurluq ilə əldə edə bilmə­dikdə Sovet Ordusunun silah anbarlarına
    hücumlar təşkil edirdilər. Belə ki, 1990-cı il 1 yanvarından 1992-ci ilin iyunu­nadək
    Zaqafqaziyada silah anbarlarına 294 dəfə hücum olmuşdur ki, onun da 130-u Ermənistanın,
    164-ü isə Dağlıq Qarabağ erməni­lərinin payına düşmüşdür. Doğrudur, bir sıra
    hallarda Sovet-rus ordusunun rəhbərlərinin razılığı ilə silahlar əl altından
    satılır, özlərini bir növ sığorta etmək üçün sonradan bu bazalara hücum
    tamaşaları düzəldilir və yanğın törədilirdi.

    Moskva mətbuatında və elmi-kütləvi nəşrlərində
    belə məlumat­ların yayılması bu ölkənin siyasi rəhbərliyini tənqiddən qorumaq,
    soyqırımda ordunun iştirakından, silah-sursatı satmasından guya xə­bər­siz
    olmasını təbliğ etmək məqsədi də daşıyırdı.

    Vaxtilə dinc, silahsız adamları
    qırmaqla, itaətə gətirməklə öz “beynəlmiləlçilik” borcunu Macarıstanda,
    Çexoslovakiyada, Polşa­da, Əfqanıstanda yerinə yetirib “qəhrəmanlıq” təcrübəsi
    toplayan Sovet Ordusu özünü 1989-cu ilin aprelində Tbilisidə, 1990-cı ilin
    yanvarında Vilnüsdə və Bakıda bir daha göstərmişdi.

    İndi, bu “şanlı ordu” qısa bir müddətdə
    xalqımıza qarşı növbəti dəfə soyqırımda iştirak etməyə hazırlaşırdı.

    Müasir silahlardan, o cümlədən xarici
    silahlardan geniş istifadə edən erməni terrorçularının cəbbəxanası hər gün Azərbaycan
    əraziləri üstündən keçib gələn, tanınma nişanı olmayan vertolyotlar vasitəsilə
    gücləndirilirdi.

    Hərbi texnikada azərbaycanlılardan
    üstün olan ermənilər 1991-ci ilin oktya­brından 1992-ci ilin yanvarınadək
    Xocalı rayonunun Cəmilli, Meşəli kəndləri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi,
    Ağdərə rayonunun İmarət Qərvənd kəndi, Xocavənd rayonunun Xocavənd, Tuğ kəndləri,
    keçmiş Hadrut rayonunun Axullu, Sala­kətin kəndləri, Goranboy rayonunun
    Ballıqaya və Başqışlaq kəndləri ermənilər tərəfindən işğal edilərək
    yandırılmış, məhv edilmişdi.

    Qeyd
    edək ki, ermənilər coğrafi şəraitinə görə hər tərəfdən erməni kəndləri ilə əhatə
    olunmuş Azərbaycanlılar yaşayan kənd­lərini birinci növbədə işğal edirdi. Bu
    taktikada başlıca məqsəd vilayətdən kənardakı azərbaycanlılar yaşayan rayonlara
    daha çox yaxınlaşmaq idi.
    İşğal planlı sürətlə aparılırdı. Əvvəlcə kənd terror­çular tərəfindən hər
    tərəfdən mühasirəyə alınır, müntəzəm olaraq atəşə tutulur, sonra isə zəbt
    edilib məhv olunurdu.

    Xocalı qətliamı ərəfəsində ermənilər
    Xocavənd rayonunun Qara­dağlı, Əmiral­lar, Ağdərə rayonunun Umudlu, Şuşa
    rayonunun Malıbəyli, Quşçular kəndlərini hər tərəfdən mühasirəyə almışdılar.
    Strateji cəhətdən çox böyük əhəmiyyəti olan bu yaşayış məntə­qə­lərinə gedən
    keçidlər, yollar erməni silahlıları tərəfindən tutulmuşdu.Onlar bu yerləri zəbt etməklə Qarabağın
    şimalından cənubuna, şərqindən qər­binə sərbəst hərəkət imkanı əldə edə bilərdilər.
    Azər­baycanlıların hərbi texnikasının, silah və sursatın daim çatışmaması erməni
    terrorçularının gündən-günə güclənən hücumlarının qarşısını almaqda çətinlik
    yaradırdı.

    1992-ci ilin yanvarın 21-də Qaybalı,
    fevralın 12-də Quşçular və Malıbəyli, fevralın 17-də isə Qaradağlı kəndləri ermənilər
    tərəfindən zəbt edilib yandırıldı.

     1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan
    "Mİ-8" mülki vertolyotunun erməni terrorçuları tərəfindən Xankəndi
    istiqamətindən vurulması dinc azərbaycanlılara qarşı törədilmiş növbəti terror
    hadisəsi idi. Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş həmin hadisə
    nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj
    üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. Bəzi mənbələrdə həmin hadisənin
    qumbaraatan vasitəsilə törədilməsi göstərilmişdir. Lakin, qeyd olunan hadisənin
    şahidi olmuş yerli sakinlərdən olan Şahmar Usubovun veridyi məlumata görə mülki
    şəxsləri daşıyan həmin vertolyot Xankəndi istiqamətindən hərəkət edən
    “krakadil” adlanan hərbi vertolyot tərəfindən vurulmuşdur. Qeyd olunan hərbi
    vertolyot isə ermənilərə yalnız Sovet ordusunun yüksək hərbi vəzifəli şəxsləri tərəfindən
    “bəxşiş” edilə bilərdi. Bu bir daha onu sübut edir ki, həmin vaxt erməni
    mənfurları müxtəlif üsullarla bəzi yüksək hərbi vəzifəli şəxsləri ələ almağı
    bacarmışdılar.  

    Bildiyimiz kimi həmin hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin
    Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunu
    atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər
    həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq
    İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, Qazaxıstan daxili
    işlər nazirinin müavini Sanlal
    Serikov, Azərbaycan Dövlət
    Televiziyasının jurnalisti Alı Mustafayev də
    olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Məhz bu hadisə ermənilər
    tərəfindən Azərbaycanı daxildən sarsıtmağa, yenicə müstəqqiliyi elan etmiş bir
    dövlətin dövlətçilik ənələrini məhv etməyə və milli ruh düşkünlüyü yaratmağa
    hesablanmış qanlı terror hadisəsi idi.  

    Ermənilər fevralın 11-də beş aya yaxın
    mühasirədə saxladığı Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinə üç tərəfdən
    tanklar və zirehli maşınlarla hücum etmişdilər.

    Yerli sakinlər, kəndlərin mühafizəsində
    dayanmış milis işçiləri və özünü­mü­dafiə qüvvələri düşmənə ciddi müqavimət
    göstərmişlər. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna görə tədricən geri
    çəkilməyə məcbur olmuşlar. Bu hücum zamanı 28 nəfər öldürülmüş, 39 nəfər ağır
    yaralanmış, bir neçə nəfər isə erməni quldurları tərəfin­dən girov
    götürülmüşdür.

    Yüzlərlə sakin, o cümlədən qadınlar və
    uşaqlar dağlara çəkil­miş, meşə ilə Ağdam rayonunun Gülablı kəndinə üz
    tutmuşdular. Yollar isə Əsgəran rayonunun Harov kəndi yaxınlığından keçirdi. Məsələdən
    xəbərdar olan ermənilər yolu kəsərək onları yenidən gülləyə tutmuşdular. Bir
    neçə saat davam edən atışmadan və xeyli itkidən sonra müha­sirəni yarıb səhərə
    yaxın Ağdamın Gülablı kən­dinə gəlmək mümkün olmuşdu.

    Erməni quldurları azərbaycanlıların bir
    çöp də çıxara bilmə­dikləri dolu evləri talan etməklə yanaşı, iki mindən çox
    qaramal, qoyun-quzu ələ keçirdilər.

    Malıbəyli və Quşçular kəndindən 4 min
    adam didərgin salınmış və respubli­kanın müxtəlif bölgələrinə pənah aparmalı
    olmuşdu.

    Ermənilər Qaradağlı kəndini işğal edərkən
    xüsusi amansızlıq göstərmişlər. Strateji əhəmiyyətli ərazidə yerləşən bu kənd 4
    il (1988-1992) ərzində düşmənlərə qarşı qəhrəmancasına mübarizə aparmış və 77 nəfər
    şəhid vermişdir. 1992-ci il 15-17 fevralda üç gün ərzində ağır döyüşlərdən
    sonra ermənilər bu kəndi işğal edib, büsbütün yandırıb məhv etdilər. Erməni
    faşistləri döyüş zamanı ağır yaralanan və hərəkət edə bilmədiyindən əsir düşən
    48 nəfər azər­baycanlını rəhm etmədən xüsusi amansızlıqla qətlə yetirdilər.

    Ümumiyyətlə,
    ermənilər əldə etdikləri üstünlükdən istifadə edib işğal etdikləri yaşayış məntəqələrində
    evləri uçurur, tikililəri yan­dırırdılar ki, heç bir sakin bu yerlərə köçüb
    qayıda bilməsin.

    Bu cəhətdən bəşəriyyətin haqlı olaraq lənətlədiyi
    alman faşizmi erməni faşizmindən tamamilə fərqlənir. Belə ki,
    almanların işğal etdiyi ərazilərdə yerli dinc əhali yaşayır, maddi-mədəniyyət
    abidələri isə qorunub saxlanırdı. Almanlar yalnız hakimiyyəti dəyişirdilər.
    Əhalinin evi və təsərrüfatı çox zaman istifadəsində qalırdı. Erməni
    faşizminin mahiyyəti ondan ibarətdir ki, ermənilər hansı ərazini tuturdularsa,
    orada nəinki bir nəfər də olsun azərbaycanlı qalmır, dinc əhalini öldürür,
    hətta maddi mədəniyyət abidələrini dağıdır, kəndləri yerlə yeksan edir, bir
    sözlə yandırılmış torpaq siyasəti aparırdılar.

    Beləliklə, ermənilərin
    azərbaycanlıların yaşayış məntəqələrini daimi gərginlikdə saxlamaq, onların
    mövqeyini zəiflətməklə işğal etmək və ərazilərini genişləndirmək kimi
    təcavüzkar planı tədricən həyata keçməkdə idi. Artıq növbə Xocalıya çatmaqda idi. Xocalının o dövrkü icra
    başçısı və prokuroru respublika rəh­bərliyinə göndər­diyi məktubda bu şəhərin əhəmiyyətini
    xatırladaraq yazırdılar ki, “...bütün hadisələr Xocalının üstündədir. Xocalı
    gedərsə Dağlıq Qara­bağ erməni­lərindir. Biz Xocalını saxlasaq Dağlıq Qarabağ
    bi­zim­dir. Xocalı Azərbaycanın taleyini həll edir”. Əslində böyük stra­teji əhəmiyyətə
    malik olan Xocalı, Aran Qarabağı ilə Dağlıq Qara­bağ arasında bir bağlayıcı həlqə
    rolunu oynayırdı.

    Qeyd edək ki, 1988-ci ilin fevralında – Azərbaycanda
    XX yüzilliyin sonuncu erməni təxribat­ları başlayanda, onun ən ağır zərbəsi
    Xocalıya dəydi. Belə ki, şəhərin Xankəndi, Əsgəran və əsasən ermənilər yaşayan
    digər qəsəbə və kəndlərində işləyən mütə­xəssis və fəhlələri işdən qovuldu.
    Bundan başqa, qədim Oğuz yurdu olan Ermənistan adlandırılan Respublikadan
    vəhşiliklə çıxarılan 130 azərbaycanlı ailəsi və Fərqanədən erməni-rus
    fitvasının qurbanı olaraq didərgin salınmış 54 mesxeti türkü ailəsi də buraya
    pənah gətirmişdi. Onlara, burada yerli hakimiyyət orqanları tərəfindən torpaq
    sahəsi ayrılaraq ev tikmələri, işləmələri və yaşamaları üçün şərait
    yaradılmışdı.

    1989-1990-cı illərdə münaqişə daha da gərginləşdi. Bu dövrdə ermənilər
    Yuxarı Qarabağın avtomobil yollarında azərbaycanlılara, o cümlədən xocalılara
    məxsus olan nəqliyyat vasitələrini daşa basır, əzir, yandırır, insanları girov
    götürərək qətlə yetirirdilər. Ancaq Xocalının igid oğulları onlara tutarlı
    cavablar verirdilər. Bu zaman hava limanının Xocalının nəzarətində olması da
    buna imkan yaradırdı.

    Ermənilərin Xocalıya ilk böyük hücumu 1988-ci il sentyabrın 18-də oldu.
    Onlar belə hesab edirdilər ki, elə ilk həmlə ilə Xocalını məhv edərək, Qarabağa
    gedən maneəni aradan qaldıra biləcəklər. Həmin gün Xankəndidəki nümayişdən
    çıxan 5 minə qədər erməninin bir qismi piyada, bir qismi maşınlarla Xocalının
    üstünə hücum etdilər. Qabaqda gedən 4 “Kamaz” və “Kraz” markalı yük maşın­larının
    arxasınca, gələn ermənilər şəhərə yaxınlaşdı. Şəhərə 2 km. qalmış hücumdan xəbər
    tutan xocalılar bu hücumun qarşısını aldılar və ermənilərə layiqli cavab
    verdilər. Məlumatlara görə bu döyüşdə 27 nəfər azğın erməni öldürülmüş, 100-ə
    qədəri isə yaralanmışdı. Bu erməni quldurlarına vurulan ilk güclü zərbə idi.
    Məhz bundan sonra “yazıq”, “fağır” ermə­niləri müsəlman türklərinin
    “hücumlarından” qorumaq adı ilə şəhərin sərhədlərində Sovet qoşun hissələri
    yerləşdirildi.

    1988-ci
    ilin oktyabrında Azərbaycan hökuməti Xocalının sosial inkişafı qayğısına
    qalaraq bu barədə xüsusi qərar qəbul etdi. Bu qərardan sonra Azərbaycanın
    rayonları Xocalıya və bütün Dağlıq Qarabağa kömək etməyə başladı. Dağlıq
    Qarabağa və Xocalıya kömək ümumxalq xarakteri aldığı üçün burada tikinti və
    abadlıq işləri daha da genişləndi.

    Bu
    işlər Sov. İKP MK-ın tövsiyəsi əsasında və SSRİ Ali Sove­tinin 1989-cu il yanvarın
    12-də verdiyi qərar ilə Dağlıq Qarabağa Xüsusi İdarə Komitəsinin (XİK) və onun
    burada külli-ixtiyar sahibi olan rəhbəri Arkadi Volskinin planlarına uyğun
    gəlmirdi. Çünki A.Volski və onun rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi açıq-aşkar ermənipərəst mövqe
    tuturdu. Komitə, Vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə, azərbaycanlıların
    buradan qovulmasına, ermənilərin silahlanmasına şərait yaratdı. A.Volskinin yaratdığı şərait
    nəticəsində DQMV-nin ərazisinə Ermənistandan silah-sursat daşınır, erməni quldur
    dəstələri silahlandırılırdı. Beləliklə,
    əslində A.Volski­nin əli ilə Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistanın,
    daha doğrusu Moskvanın tabeçiliyinə keçirilmişdi. Xalq Volskinin bu xəyanət­karlığını
    görür və onun Dağlıq Qarabağdan qovulmasını tələb edirdi.

    Sovetlər Birliyinin
    rəhbərliyi Azərbaycanın demokratik qüv­vələrinin tələb­lərinin güclənməsi ilə
    imperiya üçün artan təhlükəni azaltmaq və əhalini sakit­ləşdirmək üçün 1989-cu
    il noyabrın 28-də Xüsusi İdarə Komitəsini ləğv etdi. A.Volski yenidən Moskvaya qayıtdı. Ləğv edilən
    idarənin əvəzinə SSRİ Ali Soveti Xüsusi
    Komissiyasının nəzarəti altında Dağlıq Qarabağ üzrə Azərbaycan SSRİ-nin
    Təşkilat Komitəsi yaradıldı. Sovet işğalı zamanı Əfqa­nıstanda B.Karməlin siyasi
    müşaviri işləmiş, sonralar Azərbaycan Kommunist Partiyasının II katibi olan
    V.Pol­ya­niçko onun sədri təyin edildi. Lakin V.Polyaniçko milli
    münaqişənin qızışdırıl­masında heç də A.Volskidən geri qalmadı. Ona görə də bu əvəzlənmə
    prinsipial dəyişikliyə səbəb olmadı. SSRİ rəhbərləri tərəfindən qəti
    tədbirlərin görülməməsi nəticəsində 1989-cu il dekabrın 1-də
    Ermənistan SSR Ali Soveti “Ermənistan SSR və Dağlıq Qarabağı
    birləşdirmək haq­qında” qərar qəbul etdi. Xankəndidə Ermənistan bayrağı qaldırıldı. Vilayətin
    əksər idarə və müəssisələri Ermənistana tabe edildi. Bu isə qarşıdurmanı daha
    da gücləndirdi.

    1990-cı ilin mayında DQMV-nin
    idarəçiliyi yenidən Azərbay­cana qaytarıldı. Lakin bu, ciddi dəyişikliyə səbəb
    olmadı. Çünki,
    Azərbaycan Şuşada, Xocalıda və digər yerlərdə tikinti işlərini artır­dığı
    dövrdə DQMV-də yaşayan ermənilər sürətlə silahlanır və dünyanın müxtəlif
    ölkələrində yaşayan, terrorçuluqda kifayət qədər təcrübəsi olan ermənilərdən
    ibarət muzdlu qüvvələr toplayırdılar.

    Yanvarın 7-də erməni daşnak
    terrorçuları tərəfindən Xocalıya gedən dəmiryol xətti təkrar partladılır Həmin
    gün daşnak terror qrupu Kərkicahan qəsəbəsinə basqın edir və onlarla əhali
    xəsarət alır.

    22 noyabr 1990-cı
    ildə daşnak terrorçuları saat 900 radələrində
    qəflətən Kərkicahan qəsəbəsinə basqın edir,
    qəsəbə sakini Həsənov Tofiq
    Bəylər oğlunu qətlə yetirirlər.
    Mərhumun meyiti tanınmaz hala
    salınır. Əfqan Novruz oğlu Tanrıverdiyev isə atışma zamanı yara­landı. Həmin
    ilin 29 noyabrında Xocalı təyyarə limanına növbə çəkməyə
    polis işçilərini aparan avtobus daşnak terrorçularının
    bas­qınına məruz qalır. Bir polis işçisi həlak olur,
    16 nəfər əməkdaş isə güllə yarası alır. Həmin gün 16 yaşlı Xocalı sakini
    Xanoğlan Şahməmmədov daşnak terrorçuları tərəfindən
    qoyun otardığı yerdən girov götürülür.

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet
    ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi görünməmiş vəhşilikdən - “20
    Yanvar qırğını”nından sonra Azərbaycanda vəziyyət daha da kəs­kinləşdi.

    Əhalinin
    sovet sisteminə və ordusuna nifrəti daha da artdı. Respublikanın hər yerində
    milli hərəkat gücləndi.

    Xocalı sürətlə tikilib genişləndiyinə və həm də artan strateji
    əhəmiyyətinə görə 1990-cı ilin aprelində Azərbaycan hökumətinin qərarı ilə
    şəhər statusu qazandı.

    19 aprel 1991-ci ildə
    Mehdikəndə sığınmış daşnak terror qrupu axşam saat 1000 radələrində Xocalı
    şəhərinin Universitet adlanan məhəlləsini avtomat və minamiyot­lar­dan güclü və
    aramsız şəkildə atəşə tutur. Xocalıdakı tərəvəzçilik-südçülük sovxozunun
    direktoru Mətləb Yusifova isə odlu silahdan atəş aşılır. Həmin il 26 aprel daşnak
    terrorçusu qəflətən meşə massivində qarşısına çıxan Xocalı
    şəhər sakini, silahsız İbrahim Məmmədovu yaxalayır və yaxın məsafədən atdığı
    tapança atəşi ilə onu ağır yaralayır.                                                                                                             

    25 sentyabr 1991-ci
    ildə daşnak terrorçuları Kərkicahan qəsə­bəsinə
    basqın edirlər. Qəsəbə sakinlərindən bir nəfər həlak olur, doqquz nəfər isə
    ağır bədən xəsarəti alır. Həmin gün Ağdam-Xocalı
    sərnişin avtobusu daşnak terrorçuları tərəfindən Əsgəran ərazisində saxlanılır.
    Sürücü və 15 sərnişin vəhşicəsinə döyülür. Avtobus isə aşırılıb yararsız hala
    salınır.

    19
    oktyabr 1991-ci ildə Yevlaxdan Xocalıya uçan AN-12 təy­yarəsi Əsgəran rayonunun
    Kərmirsar-Xanabad səmasında daşnak terror
    qruplaşması tərəfindən vurulub
    yerə salınmır.
    Təyyarədəki yeddi ekipaj üzvü: Əsəd Əsədov, Hikmət
    Muradov, Ceyhun Rəhi­mov, Əhmədağa Baxşıyev, Yunis Misirov, Azad Sadıqov və
    Sabir Rəcəbov qətlə yetirilir. Sonra isə mərhumların cəsədləri yandırılır. Həmin il noyabrın 12-də erməni
    terrorçuları saat 1600
    radələrində Xocalı şəhərinin inşaatçılarına basqın edirlər. Nəticədə Xocalıdakı
    23 saylı SMD-nin rəisi Tahir Məmmədov qətlə yetirilir.

    Ermənistanın terror
    qrupları 1 dekabr 1996-cı ildə Kərkicahan qəsəbəsinin aşağı başına həmlə
    edirlər. Bir polis əməkdaşı həlak olur, üç nəfər qəsəbə sakini itkin düşür, beş
    nəfər yaralanır, 21 ev yandırılır. Dekabrın 2-də isə Ermənistan silahlı
    birləşmələri tərə­findən Kərkicahan qəsəbə
    sakini Elman Həsənov həyətində qətlə yetirilir,
    dörd uşaq anası S.Sabahova ağır güllə yarası alır. Həmin gün erməni
    terrorçuları Şuşa şəhərinə həmlə edirlər. 8 ev dağıdılır, iki nəfər dinc şəhər
    sakini qəlpə yarası alır. Dekabrın 4-də Ermə­nistan daşnak terrorçuları
    tərəfindən Kərkicahan qəsəbəsinə basqın edilir. Nəticədə qəsəbə sakini Osman
    Səfərov qətlə yetirilir, üç nəfər ağır güllə yarası alır.

    1992-ci
    ilin yanvar ayında Paris yaxınlığında məxfi təlim düşərgəsi yaratmış “ASALA” erməni terrorçu
    təşkilatının 26 üzvü Fransa vətəndaşı olan mayor Aşin Simonyanın başçılığı ilə Xan­kən­dinə gəlmiş
    və xalqımıza qarşı döyüşlərdə qəddarlığı və amansızlığı ilə ad çıxarmışdı.

    Qarabağda,
    xüsusilə Xocalıda terror aktlarının həyata keçiril­məsində, azərbay­canlıların
    yaşadığı qəsəbə və kəndlərə hücumlarda bilavasitə iştirak etmiş xarici ölkə
    vətəndaşlarından Suren
    Paşayan (“Krunk” təşkilatının Fransa bölməsinin üzvü, Fransa vətəndaşı), Qabriel Şıxanyan
    (“Vartan cəngavərləri” qrupunun Vyana
    bölməsi, Fransa vətəndaşı), Abram Çitçiyan (366-cı alayın I batalyonunun
    qərargah rəisi, Rusiya vətəndaşı, (hazırda Fransa vətəndaşı), Romb Qalakçiyan (Xocalını
    bombalayan 39 nömrəli vertolyotun pilotu, livan vətəndaşı), Razdan Minoyan
    (Xocalını bombalayan 40 nömrəli vertolyotun pilotu, Suriya vətəndaşı) Fransada
    terror aktları törətmiş beynəlxalq terrorçu Monte Melkonyan (Ermənistanın milli
    qəh­rəmanı), beynəlxalq aləmdə kifayət qədər tanınmış terrorçulardan Qrant
    Markaryan və Vazgen Sislyan (Qarabağ müharibəsində Er­mənistanın qəhrəmanları) və
    başqalarını misal çəkə bilərik.

    1991-ci
    il dekabrında Ermənistanda xüsusi təlim keçmiş ter­rorçular Xocalı ərazisində
    terroru genişləndirdilər. Belə ki, 8 dekabr 1991-ci ildə Xankəndində məskən
    salan daşnak terrorçuları Kər­kicahan qəsəbəsinə basqın edirlər. Qəsəbə sakini
    Rizvan Ağalarov həlak olur. Səkkiz nəfər dinc qəsəbə sakini
    ağır güllə yarası alır. Dekabrın 11-də Ermənistan terrorçuları tərəfindən
    Xocalı şəhəri raket atəşinə tutulur. 50-dən çox raket mərmisi atılır. Çoxlu
    dağın­tılar olduğu qeydə alınır. Bir gün sonra daşnak terrorçuları Kərki­cahan
    qəsəbəsinə həmlə edirlər. Polis əməkdaşı Firdovsi Məmmədov həlak olur. 1991-ci
    il 13-14 dekabrda Ermənistan silahlı birləşmələri Malıbəyli kən­dinə basqınlar
    edirlər. Basqın nəticəsində 16 evə od vurulur sovxozun ferması yan­dırılır.
    Kəndin əliyalın, dinc sakinləri – Gülxar Bayramova, Qəşəm Quliyev, Allah­verdi Bəxtiyarov, Bilal Məmmədov, Arzu Şahmanova, Oqtay
    Mədədov, İsmayıl və Bayram Mədədov yaralanırlar. Həmin gün saat 1500
    radələrində Kərkicahan qəsəbəsi yenə
    də daşnak terrorçularının hücumuna məruz qalır. 3 nəfər dinc sakin – Elxan
    Məmmədov, Mütəllim Əhmədov və tele­reportyor Seyidağa Mövsümov yaralanır. Bəhs
    olunan gün Kər­kicahan qəsəbəsinə erməni daşnaklar təkrar həmlə edilir.
    Qəsə­bənin dinc sakini A.Nəcəfov daşnak terrorçusu tərəfindən qətlə yetirilir.
    Elxan Abbasov isə yaralanır. 1991-ci il dekabrın 15-də erməni ter­rorçuları Cəmilli
    kəndinə basqın edir, 9 nəfər dinc, əliyalın kənd sakinini – Xıdır Cabbarov,
    Vaqif Cavadov, Əhməd Cavadov, Fikrət Mehdiyev, Vaqif Sadıqov, Natiq Salahov,
    Şakir Salahov, Məmməd Zeynalov və Bəhram İsmayılovu (ümumilikdə 15 nəfər) qətlə
    yetirirlər. 600 nəfərlik əhali kənddən didərgin salınır, evlər tamamilə
    yandırılır. Həmin gün Ermənistan silahlı birləşmələri Xocalı hava limanına
    basqın edir. Atışmada polis əməkdaşı E.Əhmədov qətlə yetirilir, iki əməkdaş isə
    güllə yarası alır.
    Dekabrın 17-də erməni terrorçuları yenidən
    Kərkicahan kəndinə basqın edərək 20 sakinini qətlə yetirməklə, 14 nəfəri girov
    aparırlar. 1800 nəfərlik qəsəbə əhalisi ev-eşiyindən didərgin salınır,
    əmlakları qarət olunur, qəsəbə yerlə-yeksan edilir. Kənd sakinlərindən birinin –
    Fərhad Ağakişi­yevin cəsədi geri alınarkən onun üzərində müxtəlif alətlərlə
    icra edilən 75-dən artıq işgəncə izi aşkar edilir.

    Qeyd
    edək ki, xocalılar da müəyyən müdafiə tədbirləri görür­dülər. Burada ilk
    növbədə yerli özünümüdafiə dəstələri yaradılmışdı. Tərkibi 100 nəfər qeyrətli
    gəncdən ibarət olan bu dəstə Tofiq Hüseynovun komandirliyi ilə kəndin müxtəlif
    yerlərində müdafiədə dayanırdılar. Bundan başqa, şəhər statusu aldığı üçün
    Xocalıda 60 nəfər əməkdaşı olan Xocalı Şəhər Polis Şöbəsi yaradılmışdı və onlar
    da müdafiədə iştirak edirdilər.

    1990-cı
    ilin noyabrında Əlif Hacıyevin 20-yə qədər polis nəfəri və zabit heyəti olan
    Xocalı təyyarə limanının Xətt Daxili İşlər Bölməsinin rəisi və Xocalı Hava
    Limanının komendantı təyin olun­ması da ermənilərə silah daşınmasında ciddi
    maneə oldu. Qeyd edək ki, Ə.Hacıyev bundan başqa, Azərbaycan
    Respublikası Nazirlər Kabineti tərəfindən 1991-ci ilin noyabrında “Sərhəd
    rayonları və Dağlıq Qarabağda yerli yaşayış məntəqələrinin mühafizəsinin təşkil
    edilməsi” haqqında kompleks proqramı nəzərdə tutan sərəncam imzalanmışdı. Bu
    sərəncamı yerinə yetirmək həmin dövrdə yenicə yaradılmış Müdafiə Nazirliyinə
    tapşırılmışdı.

    Əlif Hacıyev 1953-cü
    il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. Hələ orta məktəbdə oxuyarkən
    həmişə anasına Mehdi Hüseynzadə kimi Sovet İttifaqı qəhrəmanı olacağından bəhs
    edir. Amma bilmir ki, Sovet vətəndaşları olan rus və erməni hərbi birləşmələri
    tərəfindən atılan güllə onun həyatına son qoyacaq və Azərbaycanın Milli
    Qəhrəmanı olacaq.

    Əlif 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük
    peşəsinə yiyələnir. 1971-ci ildə isə ordu sıralarına çağırılır. Hərbi xidmətini
    Minsk şəhərində çəkir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi
    Avtonəqliyyat Müəssisəsində sürücü işləyir. Əlif SSRİ DİN-nin Frunze adına
    Xüsusi Orta Milis Məktəbini bitirərək təhsilini SSRİ DİN-nin Akademiyasında
    davam etdirir. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR Dağlıq
    Qarabağ Muxtar Vilayətinin (DQMV) daxili işlər orqanlarında müxtəlif
    vəzifələrdə çalışır. Gələcək həyat yoldaşı Qalina xanımla da
    Beloru­siyada tanış olur.

    O, 1984-cü ildə Belorusiyadan
    Xocalıya qayıdır, sahə müvək­kili kimi çalışır. Qısa zaman ərzində o, Xocalı
    camaatının rəğbətini qazanır. Xocalı sakinləri onu qanunsevər bir insan kimi
    tanıyır.

    1980-ci illərdə, Dağlıq
    Qarabağ Muxtar Vilayətində ermənilərin uzun müddət­dən bəri gizli millətçi
    mərkəzi fəaliyyət göstərirdi. Bu mərkəzə gizli yollarla külli miqdarda vəsait,
    silah-sursat daxil olur­du. Ə.Hacıyev, bu millətçi mərkəzin fəaliy­yətini qorxub
    çəkin­mədən ifşa edir. Bu isə ermənilərə xoş gəlmir, onları narahat edir. Çünki
    get-gedə Əlif onlar üçün böyük təhlükəyə çevrilirdi. Buna görə də Əlifi hansı
    vasitə ilə olursa-olsun aradan götürmə planlarını cızmağa və bunu həyata
    keçirməyə çalışırlar. Nəhayət saxta ittihamlarla onu şərləyərək
    günahlandırırlar. Guya rüşvət alması ilə bağlı DQMV prokurorluğunda cinayət işi
    qaldırılır. Saxta faktlar əsasında qal­dırılmış cinayət işi üzrə aparılan
    istintaq 9 ay çəkir və qəhrəmanımız 10 il həbs cəzasına məhkum edilir.
    Yaxınlarının sözlərinə görə, Əlifi tutmaq üçün onun arxasınca 5-10 adam gəlmir.
    Bütün binanı mü­hasirəyə alırlar və Əlifin arxasınca BMP, pulem­yotla, tankla,
    topla gəlirlər. Hakimin verdiyi ədalətsiz hökm onu Şuşa həbs­xa­nasından
    tutmuş, uzaq Sibir həbsxanalarına qədər aparıb çıxarır. 1987-ci ildə Əlifin
    məhkəmə işinə yenidən baxılır və 10 il həbs cəzası 6 ilə endirilir. Sibirdə 4
    il həbs cəzası çəkir. Bir az sonra isə o, tam bəraət alaraq azadlığa buraxılır.

    Ə.Hacıyev bəraət alandan
    sonra 1990-cı ildə yeridən Xocalıya qayıdır və ermənilərə qarşı mübarizəsini
    daha da sərtləşdirir. Yaxınları ona nə qədər Xocalıya getməməsi üçün
    yalvar-yaxar etsə­lər də, ermənilərin ondan “yanıqlı” olduğunu desələr də, Əlif
    de­diyindən dönmür. Xocalıda böyüdüyünü və bu torpaqlar üçün vuru­şacağını
    bildirir. Beləliklə, Dağlıq Qarabağ üzrə Təşkilat Komitə­sində, Qarabağa Xalq
    Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizə­sini
    yenidən davam etdirir. Bu o vaxtlar idi ki, artıq Dağlıq Qarabağda ermənilərin
    özbaşınalıqları daha böyük faciələrə səbəb olmuşdu. O, 1990-cı ilin dekabrında
    daxi­li işlər orqanlarına qəbul olunaraq Xocalı Təyyarə Limanı Xətt Daxili
    İşlər Bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı Aero­portunun
    komendantı idi. Yaxşı işinə görə 1991-ci ilin dekabrında ona mayor rütbəsi
    verilir.

    Məhz Ə.Hacıyevin əzmkarlığı,
    təşkilatçılığı nəticəsində 1991-ci ilin martın sonlarında Xocalı aeroportu
    erməni millətçilərinin nəza­rətindən tamamilə çıxaraq Azərbaycan hüquq-mühafizə
    orqanlarının tabeçiliyinə keçir. Ermənilər üçün bu, faciə sayılırdı.

    Qeyd edək ki, o vaxta kimi
    Xocalı aeroportunda heç bir azər­baycanlı işləmədi­yindən ermənilər istədikləri
    qədər silah-sursatı gətirib Dağlıq Qarabağın ərazisinə yığırdılar.

    Xocalı Aeroportunun strateji
    əhəmiyyətini başa düşən ermənilər aeroportu zor gücü ilə ələ keçirməyə
    çalışırlar. Bunun üçün Xan­kəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün
    olduğu iki avtobus gəlir. Quldurlar aeroportu mühasirəyə alır və axşam saat
    10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman
    aeroportda növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Aeroportu əldən verməmək
    üçün Ə.Hacıyev siyasət işlədir. Aeroport bina­sındakı otaqların birində
    səsgücləndiricinin qarşısına keçir və əmr verir ki, “filan batalyon filan
    cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”. Ermənilər elə başa düşür
    ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də aeroportu
    tərk etmək məc­buriyyətində qalırlar.

    Əlif erməniləri çox gözəl tanıyırdı. Həm də Sovet
    milisi sıra­larında çalışdığın­dan ermənilərin silah bazalarının hansı səmtdə
    yerləşdiyini bilirdi. Həmin dövrdə silah anbarlarının dağıdılması, uzaq mənzilə
    vuran topların yerlərinin təyin edilib götürülməsi məhz Ə.Hacıyevin
    təşkilatçılığı sayəsində həyata keçirilirdi.

    Ermənilərlə mübarizə Əlifi
    onların gözündə güclü və yenilməz düşmənə çevirir. Vəziyyət o həddə çatır ki,
    ermənilər onun başına 1 milyon dollar pul qoyub ölümünü sifariş verirlər.
    Dəfələrlə Ə.Ha­cıye­va qarşı sui-qəsd təşkil edilir. Əlifin maşınına
    Xankəndində mina quraşdırsalar da, qrantamiyot, snayperdən istifadə edərək onu
    öl­dürmək istəsələr də, istədiklərinə nail ola bilmirlər. Buna görə də düşmən
    çox çalışırdı ki, onu Xocalı aeroportunun komendantlığından çıxarıb başqa vəzifəyə
    aparsın. Amma buna da müvəffəq olmurlar. Ona Moskva şəhəri üzrə komendantın
    1-ci müavini təklif etsələr də, Əlif getmir.

    Döyüş yoldaşlarının dediyinə
    görə, Əlif girov götürülən ermə­nilərə qarşı heç vaxt qəddar davranışa icazə
    verməz, bizim əsir və girovlarla dəyişdirildiyi günə qədər onlara zamin
    durarmış. O, in­sanlığa sığmayan hərəkətləri qəbul etmirdi.

    Azərbaycana qanıyla, canıyla
    bağlı olan Əlif həmişə döyüş yol­daşlarına deyərmiş ki, “Xankəndinə Azərbaycan
    bayrağını taxsam, ölsəm də, dərdim olmaz”.

    Onun komandanlığı altında
    vuruşan döyüş yoldaşlarına isə Əlif həmişə bir nümunə olur. Tabeçiliyində olan
    əsgərlər heç vaxt onun bir sözünü iki etmir. Qəhrə­manımız döyüşə gedərkən
    silah yol­daşlarına məsləhət görürmüş ki, “döyüşə gedəndə heç vaxt fikir­ləşməyin
    ki, öləcəm, fikirləşin ki, öldürəcəm”.

    Bir dəfə hadisələrin qızğın
    vaxtında Əlif Hacıyev 366-cı alayın rəhbərliyi ilə danışığa gedir. Döyüş
    yoldaşlarına da tapşırıq verir ki, kənardan “görsəniz ki, onlar məni girov
    götürüblər, məni güllələyin, qoymayın ermənilərə girov düşüm”.

    Xocalı faciəsi baş
    verməmişdən əvvəl o, ermənilərin dinc əhaliyə hücum edəcəyini bilirdi. Bu
    barədə tədbir görülməsi üçün hər gün, hər saat Bakıya xəbər ötürsə də,
    paytaxtdan heç bir kömək almır. Xocalının blokadaya düşdüyü vaxtda dəfələrlə
    blokadanı yararaq əhaliyə yemək gətirir, mümkün olduqca milis işçilərinin
    silahlanmasına çalışırdı. Faciə baş verəndə Əlif və dəstəsi səhər saat beşə
    qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşur. Döyüşlər
    qeyri-bərabər qüvvələr arasında getsə da, Əlif Hacıyev qanlı döyüşdə misilsiz
    qəhrəmanlıqlar göstərir. Dəstəsiylə birgə tanka, BTR-ə qarşı avtomatla vuruşur.
    Bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarır və
    bir daha geriyə dönərək, yenidən döyü
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib56 dəfə
    XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ HƏYATA KEÇİRİLMƏSİ ÜSULLARI AĞIR NƏTİCƏLƏRİ

    Maraqlı gələ bilər
    75
    26
    53
    50
    44